İşə düzəlməyin yolları - müsahibə sualları və məsləhətlər - ResumeAz

İşə düzəlməyin yolları – Sahibkar məsləhətləri

Mən iş tapa bilmirəm. Uyğun iş tapa bilmirəm.
BƏS SƏNCƏ NİYƏ?

Bu məqalənin birinci hissəsi iş tapmaqda çətinlik çəkənlərə, ikinci hissəsi isə özünü daha böyük, beynəlxalq şirkətlərdə və ya menecment vəzifələrdə görənlərə aid yazmışam.

 

İş tapa bilməyənlər üçün “MUST” məsələlər:

  1. Baxdınız vakansiyaya. Bəyəndiniz. Müraciət edirsiniz. Bir postu axıra kimi tam oxuyun. Mövzu, email, istək məktubu tələblərinə riayət edin. Əgər vakansiya konkret qeyd edirsə ki, İstək Məktubsuz göndərilmiş müraciətlərə baxılmayacaq, buna əməl edin. İstək Məktubu 1 cümlə belə olsa, sizi heç yazmayanlardan qabağa salır.
  2. Emaildə cc, bcc funksionallıqlarını öyrənin. Eyni CV-ni 108 HR-ı cc-də qoyaraq göndərməniz cahillikdən o tərəfdəki kənddir.
  3. CV. Böyük dərddir. Şəkli kresloda uzandığınız yerdə qoymanızla sizcə sizi kim işə götürər? Müasir dövr, yüksək meqapikselli ön kameraların olduğu dövrdə bir ağ köynək geyinib şəkil çəkdirməniz nə qədər çətin ola bilər ki?! Şəkildə gülmək? A kişi/xanım, siz gülərüz şəkil qoymaqla heçkim sizin şit olduğunuzu düşünməyəcək! Əksinə, pozitiv aura verəcəksiniz!
  4. Müraciət etdiniz. İntervyuya çağırıldınız. Ya bu intervyuya gedin ya da zəng edib gəlməyəcəyinizi bildirin! Bu neyin kafası?!
  5. İntervyuya gəlirsiniz. Super. İntervyuya hazırlaşın. Bir araşdırın hara gedirsiniz. Potensial olaraq kimlə görüşə bilərsiniz. Şirkətin maraqları, hazırki işçilərin profilləri kimlərdir. 1 tanış varsa, zəng edib məsləhət, məlumat, istiqamətləndirmə alın.
  6. 5 səhifəlik CVləri heçkim oxumur. Qısa. Konkret olun. CV-də yalnızca həmin şirkətin qərar qəbul etməsinə təsir edəcək məqamları saxlayın.
  7. Əgər worddə yığılmış CV-nizin proporsiyaları qaçıbsa və siz onu 1 daha təcrübəli adama göstərib, feedback almırsınızsa, niyə Microsoft Word – Əla yazırsınız? Eləcə də Exceldə. Table düzəltmək sizi Əla etmir. İnternet Explorer, Google Chrome-u və s CV-ə müasir dövrdə daxil etmək də məsləhət deyil.
  8. Təkcə rus dili öyrənməyiniz sizin şanslarınızı 50%, ingilis dili 70%, ikisini də bilməniz 100% artırır.
  9. Universitet illərində qazana biləcəyiniz 4 dəyər var və heçbirini universitetdən gözləməyin. Ya onlayn dünyadan (udemy, coursera, duolingo və ya adi youtube) öyrənin ya da uyğun kurslara gedin:
    – Dil Bilikləri;
    – Microsoft Office və ya sizin sferanıza uyğun digər kompüter bilikləri;
    – Baza iş praktikası;
    – Spesifik sertifikasiyalar.

 

Daha yaxşı iş yeri, vəzifə üçün “PREFERRED” məsələlər.

Bunları daha çox Beynəlxalq Şirkətlərdə işləmək istəyən və ya daha yuxarı vəzifələrə müraciət edənlər istifadə edə bilər.

  1. Şirkətin imici, brendinqinə uyğunluğunuzu necə göstərə bilərsiniz? CV-nizdə istifadə edəcəyiniz rənglər və ya qalstukunuzun/şərfinizin rəngi ilə. Bu rəngləri tapmaq Google-da 2x2dir. Biraz investisiya və siz rəqiblərdən 1-0 öndəsiniz. Kreativ şirkətlərə müraciət etmisinizsə, həmin rəngdə corab geyinə və ya əl dəsmalı götürə bilərsiniz.
  2. Dil bilikləri. CV-də hətta beginner də yazdığınız dillərdə əsas Basic suallara (özünü təqdimat və s) cavab hazırlayın.
  3. Təxmini kimlə görüşəcəyinizi bilirsinizsə, bütün sosial şəbəkələrdə həmin şəxs(lər)in profillərini ən incəliklərinə kimi analiz edin. Suallara cavablarınızda araşdırma zamanı tapdığınız incə detalları istifadə etməniz sizin görüşə necə hazırlıqlı gəldiyinizi göstərəcək.
  4. Özünüzlə intervyuya gətirmək üçün vizit kart çıxarın. Amma kartda istifadə olunan sözlər həmin insanların yaddaşında qalmalıdır. Məsələn Procter Gamble-da iş müsahibəsinə çağırılmısınız. Vizit Kart çap edib üzərinə belə bir təsvir yaza bilərsiniz:
    𝐁𝐚𝐛𝐚 𝐀𝐠𝐡𝐚𝐲𝐞𝐯
    𝐏𝐨𝐭𝐞𝐧𝐭𝐢𝐚𝐥 𝐏&𝐆 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐞
    𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭𝐬: 𝐱𝐱𝐱𝐱𝐱
  5. Şirkətlərin Dəyərləri və sizin Şəxsi Dəyərlərinizin kəsişməsi. Hara gedirsinizsə, həmin şirkətin dəyərlərinə baxın. Qlobal və böyük şirkətlərdə bu saytlarda açıq yerləşdirilir. Bu dəyərləri ya sizdən şəxsi dəyərləriniz, ya güclü tərəfləriniz soruşulduğunda məharətlə reword edib, istifadə edə bilərsiniz.

Məqalənin müəllifi Azərbaycanlı sahibkar Baba Ağayev-dir.

Şərhlər

Şərh bildirin