Niyə acıma hissi ən yaxşı iz buraxır

Bir neçə gün əvvəl, çox gərgin iş həftəsinin sonu, işdən çıxıb, güclü tıxacları ötüb, evimizə aparan yola keçməzdən öncə sonuncu svetofora yaxınlaşırdım. Çox ac və stressli idim. Svetoforun mənə qırmızı işıq göstərməsinə beş saniyə qalmış əlində ağır olduğu sezilən zənbil tutan bir nənənin yolu keçmək istədiyini gördüm.

Mən maşını fikirləşmədən, işıqlardan xeyli əvvəl, yaşlı qadının durduğu yerdə saxladım və yolu keçməsinə imkan verdim. Qadın yolu keçib əlindəki zənbili zibil qabına atıb gəldiyi yerə üz tutdu.

Amma sonra baş verənlər məni heyrətə gətirdi. Qayıdan başı qadın əllərini çiyinlərindən yuxarı qaldıraraq mənə dua və alqışlar etməyə başladı.

Mən göyün yeddinci qatında idim. Sevincimdən gözlərim yaşardı. Artıq nə aclıq hiss edirdim nə də stress.

Elm bu fenomeni şəfqətlə acıma hissi keçirdikdən sonrakı hal kimi səciyyələndirir. Sadə dillə desək, siz ehtiyacı olan birinə kömək etdiyiniz zaman bədəniniz həddən artıq stressli və ya enerji əksikliyi ucbatından acıqlı olduğunuzda, ya da depressiya nəticəsində qanınızda yığılan izafi kortizol hormonunu azaldan kimyəvi maddələr buraxır.

Sosial statusumuzdan və ya vəzifəmizdən asılı olmayaraq, biz hamımız stressli vəziyyətlərə düşürük, və hamımızın canı ya da qəlbi ağrıyır. Amma, özünü başqasının yerinə qoya bilməyin sizə enerji vermək, özünəinam və xoşbəxtlik bəxş etmək kimi sehrli gücü var. Həmçinin, o, özünüzü yenidən kəşf etmək və gələcəyinizlə bağlı daha da iddialı addımlar ata bilməniz üçün qarşınızda yeni üfüqlər açmağa qadirdir.

Acımanın möcüzələr yarada bildiyi elmi cəhətdən də sübut olunub. Kortizol hormonunun düzgün səviyyədə olması sizin əhvalınızı yaxşılaşdıra və narahatlıq hissinizi aradan qaldıra bilər, o, psixoloji stressinizi azalda bilər və həyat səviyyənizin keyfiyyətini aşağı salan bir sıra fobiyalarınızı dəf etməkdə sizə kömək edə bilər. Bəzi araşdırmalar göstərir ki, o, hətta cərrahiyə əməliyyatından sonrakı ağrılar və zədələr kimi bəzi fiziki travmaların sağalma prosesinə də ciddi töhfə verə bilər.

Beləliklə, vacib bir layihəniz uğursuz olub? Acıma hissini işə salın. Həyat yoldaşınızla və ya partnyorunuzla dalaşmısınız? Acımanı sınaqdan keçirin. Sizə dəfələrlə rədd cavabı veriblər və uzun müddətdir ki, işsizsiniz? Özünüzü sizdən daha çətin vəziyyətdə olan, daha güclü ağrısı olan bir insanın yerinə qoyun və ona kömək edin.

Əslində tam olaraq etməli olduğunuz ondan ibarətdir ki, insanların nə hiss etdiyini başa düşəsiniz və o hisslərə şərik olasınız. Beləliklə, həyatınızı dəyişmək istəyirsiniz? Emosional balansınızı bərpa etmək istəyirsiniz? Özünüzü ən mənalı və davamlı bir yolla gücləndirmək istəyirsiniz?

Onda müntəzəm olaraq başqalarının halına acıyın. Hər gün. İstənilən vəziyyətlərdə. Nə qədər çox acısanız özünüzü bir o qədər çox güclü, əmin və böyük hiss edəcəksiniz.

Amma bunu təmənnasız edin, elə edin ki, siz başqalarının ehtiyac və arzuları haqda daha çox narahat olasınız. Bunu etdiyiniz əməlin qarşılığında heç bir şey ummadan edin. Çünki, böyük “kimyəvi proseslər”  məhz bu halda baş verir.

Şərh bildirin