Dəyərli olduğunuza inanın | Resume.az

Dəyərli olduğunuza inanın

Şeril Sandberq | Facebook, Əməliyyatlar üzrə baş icraçı direktor

Akademik həyatı boyu daima parlayan Sandberq 1991-ci ildə yüksək göstəricilər ilə Harvard Kollecindən iqtisadiyyat üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. Harvardda o, iqtisadiyyat bölümünü ən yüksək qiymətlərlə bitirən tələbə kimi  Jon H. Uilyams mükafatına layiq görülüb. O vaxt professor olan Larry Summerslə tanış olan Sandberq onu özünə təlimçi və diplom işi üzrə məsləhətçi seçib. Sonradan Sammers onu Dünya Bankı araşdırması üzrə assistenti vəzifəsinə götürüb. Şeril burada təxminən bir il Hindistandakı cüzam, QİÇS və korluqla bağlı sağlamlıq layihələri üzrə işləyib.

1993-cü ildə o, Harvard Biznes Məktəbinə daxil olub və 1995-ci ildə ən yüksək göstəricilərlə magistr (MBA) dərəcəsini alıb. Biznes məktəbindəki birinci ilində o, təqaüd proqramını qazanıb.

Biznes məktəbini bitirdikdən sonra Sandberq təxminən bir il (1995-1996) MakKenzi şirkətində menecment üzrə məsləhətçi işləyib. 1996-cı ildən 2001-ci ilə qədər o, yenidən o vaxtlar Bil Klintonun prezident olduğu dönəmdə ABŞ-nin dövlət katibi vəzifəsini icra edən Larri Sammers üçün işləməyə başlayıb. Şeril dövlət Xəzinəsinin Asiyadakı maliyyə böhranı dövründə inkişaf etməkdə olan ölkələrin borclarının bağışlanması işləri üzrə assistenti vəzifəsini icra edib.

2000-ci ildə Sandberq bu işdən çıxıb. Sonra isə o, Silikon Vadisinə köçüb və 2001-ci ilin noyabr ayından 2008-ci ilin mart ayına qədər Google şirkətinin Qlobal Onlayn Satışlar üzrə vitse-prezidenti vəzifəsini icra edib. O, Google-un reklam və nəşr məhsullarının onlayn satışları, həmçinin istehlak məhsullarının və Google Book axtarışının satış əməliyyatları üzrə məsul şəxsi olub.

Hazırda qırx yaşlarında olan bu xarizmatik biznes xanımı 1.26 milyard dollarlıq sərvəti ilə dünyanın ən uğurlu şirkətlərindən biri olan Facebook şirkətində yüksək rəhbər vəzifəsini icra edir. Harvard universitetinin biznesin idarə olunması üzrə magistr dərəcəsinə sahib olan vaxtilə Larri Sammersin Xəzinə katibliyi üzrə administrasiya rəhbəri olmuş Şeril 2008-ci ildə əməliyyatlar üzrə baş icraçı təyin edildikdən bu yana Facebook şirkətinin gəlirlərini 66 dəfə artırmağa kömək edib.

Ümid edirik Şerilin məhşur deyimlərindən biri – “Özünə inamlı olmaq və özünün dəyərli olduğuna inanmaq tam potensialınıza çata bilməniz üçün zəruridir” – sizlərə də imkanlarınızı artırmağa kömək edəcək.

Şərh bildirin