Sahəmizlə bağlı soruşmalıyıq: “Növbədə nədir?” | Resume.az

Sahəmizlə bağlı soruşmalıyıq: “Növbədə nədir?”

Gənc yaşda uğur əldə etmək üçün nə etməlisiniz? Azərbaycanda hansı sahələrdə uğur qazanmaq olar? “Getnsmile.com” un gənc təsisçisi, ABŞ-da fəaliyyət göstərən Fuad Ağayev bu suallara aydınlıq gətirir.

1. Gənc yaşda uğur qazanmaq üçün əsas şərtlər nədir?

Uğur nisbi anlayışdır, hər insana görə dəyişə bilər. İlk növbədə hər birimiz yaşamağı sevməliyik, dəli kimi sevməliyik. Beləcə, biz çalışmalıyıq cəmiyyət üçün kimsə olaq. Olduğumuz işi sevərək etməliyik və sevdiyimiz sahədə uğurlu olmaq üçün o sahənin sirlərini də “dəli” kimi öyrənməliyik. Özümüzə tez-tez necə o sahədə ən öndə ola bilərəm sualını verməliyik. Tezdən yuxudan oyananda, gecə yatanda özümüzdən soruşmalıyıq, nədir bu sahədə növbəti addım və mən nə edə bilərəm? İngilislər buna “növbədə nədir” deyir? Bax biz hər birimiz gənc vaxtlarımızda öz sahəmizlə bağlı soruşmalıyıq: “Növbədə nədir?

2. Hazırda iş bazarlarında ən çox hansı bacarıqlar tələb olunur?

Bu da gözəl sualdır və bu sualı bir qədər açıb hissələrə bölək ki, daha dəqiq cavablar verə bilim. Birinci sualla əlaqələndirsəm, SEVDİYİN işi gör. Bu, bazarda nə dəbdədir onu geyinməyə oxşayır, bəlkə heç sənə yaraşmır?! Bəlkə də o dəb sənin üçün deyildir. Qəlbdən sevəcəyimiz, uğrunda gecə-gündüz çalışacağımız işi görək. Bu gün bazarda dəb olan sabah olmaya da bilər. Suala daha konkret yanaşsam, artıq 20 ilə yaxındır ki, durmadan inkişaf edən sahələr kompüter proqramlaşma, ‘software’ (proqram təminatı) mühəndisliyidir ki, belə bilikləri olan insanlar (bu sahədə təhsili olan) tez gəlir əldə edə bilirlər. Həm iş tapa bilirlər, həm də biznes qura bilirlər.

Diqqət etsəniz son 20 ildə ən yüksək gəlir əldə edən Google, Facebook, Snapchat, Amazon və bu kimi şirkətlər ən dəyərli şirkətlərdir və hər gün gəlirləri daha da artır. Siz bu gün kompüter dillərini bilərək rahatlıqla iş tapa bilərsiniz. Mütəxəssislər isə deyirlər ki, gələcəyin ən yaxşı biznesmenləri ‘süni zəka’ (artificial intelligence), ‘maşın öyrənməsi’ (machine learning) sahələrində daha çox qazanc əldə edəcəklər. Bu sahələrdə investisiyalar getdikcə artır! Gözəl başa düşürəm ki, bu sahələri Azərbaycanda öyrənmək çox çətin məsələdir. İndinin özündə elə Amerikada belə öyrənmək üçün yer tapmaq asan deyil. Bu sahələrdə biliklərə yiyələnməyin ən yaxşı yolu onlar haqda onlayn dərslər tapmaqdır.

3. Azərbaycanda hansı sahələrdə uğur qazanmaq üçün imkanlar görürsüz?

Dünyada keçən qaydalar eləcə də Azərbaycan üçün keçərlidir. Siz istehsal sahələrinə diqqət edə bilərsiniz. Xaricdən məhsul gətirib Azərbaycanda satmaq bu gün dəb deyildir və o işdən yaxşı pullar qazanmaq çox çətindir. İnsanlar yerli məhsulların istehsalından pullar qazana bilər. Gənclər isə yuxarıda qeyd etdiyimiz sahələrə keçid etməlidirlər.

 

 

Şərh bildirin