İşaxtarma taktikanızı sənayeyə görə dəyişin  | Resume.az

İşaxtarma taktikanızı sənayeyə görə dəyişin 

İş axtarışı zamanı CV nə qədər vacibdir və birinci mərhələdən keçmək üçün CV-nizdə nələrə fikir verməlisiniz? Bəs şəxsi brendiniz nə qədər önəmlidir? “Chevrolet Azərbaycan”ın Marketing Departamentinin direktoru, “Melissa Group” Marketing və Biznesin inkişafı Departamentinin rəhbəri və UNEC MBA üzrə müəllim Anar Fəth Fətəliyev bu sualları cavablandırır.

 

Yaxşı Resume/CV necə olur və o uğur qazanmaq üçün nə qədər vacibdir?

CV işəgötürən tərəfdən ilkin filtrləmə zamanı təəssürat yaratması üçün vacib vasitədir. Buna görə də CV mümkün qədər diqqət cəlb edəcək və maraq yaradacaq tərzdə hazırlanmalıdır. Son 2 ildə işlədiyim şirkətlərdə ən aşağı səviyyəli vakansiyadan tutmuş rəhbər vəzifələrə qədər müxtəlif vakansiyalara işə qəbul üçün görüşlər keçirmişəm. Kadrlar şöbəsi tərəfindən filtrlənəndən sonra mənə təqdim edilən CV-lərdə onların uyğunluğu ilə yanaşı nə qədər peşəkarcasına hazırlanmasına qədər bütün məqamlara diqqət edirəm. CV-də istifadə olunan şriftlər, onun ölçüsü, yerləşdirilən şəkil və s. kimi ağıla gələ biləcək ən xırda detallara qədər.

Ən yaxşı işaxtarma taktikası necə olmalıdır?

Bu işaxtaranın hansı vakansiya üçün müraciət etməsinə görə dəyişə bilər. Fəhlə, satış mütəxəssisi, insan resursları işçisi, rəhbər vəzifələr və s. bütün bunları bir taktika altında birləşdirmək tam olaraq mümkün deyil. Bu səbəbdən də işaxtarma taktikası  müraciət edilən sahəyə, sənayeyə görə dəyişməlidir. İş vakansiyasında  tələb olunan tələblər, bacarıqlar nəzərdən keçirilməli və namizədin bacarıqları ilə müqayisə edilməlidir. Namizəd aradakı boşluqlar üzərində ciddi hazırlaşmalı və yalnız tam hazır olduqdan sonra işə müraciət etməlidir.

Şəxsi brend nədir və onu necə yaratmalı?

Şəxsi brend insanların özlərini, fəaliyyətlərini bir marka kimi idarəetmələri və ya idarə etdirmələridir. Şəxsi brendinqi doğru şəkildə yaratmaq üçün ilk növbədə marka idarəetməsində olduğu kimi mövqeləndirə biləcəyin xüsusi keyfiyyətlərə sahib olmaq lazımdır. Bu xüsusiyyətlərdən yola çıxaraq təyin olunan məqsədə görə strateji fəaliyyət planı hazırlayıb (və ya düşünüb) bu plan əsasında həyatını və yaşam biçimini tənzimləmək lazımdır. Hazırkı sosial platformaların bolluğu dövründə bunu etmək qismən daha asanlaşıb.

Yaxşı, peşəkar əlaqələri necə qurmalı?

İndiki dövrdə bu çox asandır. Bunun üçün hər hansı metodika axtarmaq yox, bu əlaqələri qura bilmək üçün lazım olan xarakterə və ya alışqanlığa çevirilə biləcəyin xüsusiyyətlərə sahib olmaq lazımdır. Bunun üçünsə mümkün qədər çox sosiallaşmaq və müxtəlif tədbirlərdə iştirak edərək əhatəni genişləndirmək üçün lazım olan xüsusiyyətləri əldə etmək lazımdır.

Sosial mediadan iş əldə etmək üçün necə yararlanmalı?

Sosial medianın imkanları işaxtarana iş əldə etmək üçün ancaq vasitəçi rolunu oynaya bilər. İş əldə edə bilmək üçün ən əsası seçdiyin peşə üzrə peşəkara çevrilməkdir. Hər nə qədər tez-tez söylənməklə adiləşsə də, bu gün həqiqətən də bizim əmək bazarında “işçi problemi” var. Bu problemin fonunda hətta azacıq peşəkarlıq nümaiş etdirə bilən işçi əvəzedilməz bir kadra çevrilə bilir. Bu səbəbdən hansı vasitədən və necə istifadə olunmasından çox o vasitəyə zəmini yarada bilmək, yəni bacarıqlı mütəxəssisə çevrilmək daha önəmlidir.

Şərh bildirin