Peşənizlə bağlı dünya görüşünüzü zənginləşdirin

Ən yaxşı iş axtarma taktikaları hansılardır? Bəs  iş axtaranlarda ən əsas hansı bacarıqlar olmalıdır?

Azersun şirkətlər qrupunun marketinq şöbə müdiri Şəmsi Bayram-zadə bu və digər sualların sadə lakin real nəticəyə aparan yolları barədə danışır.

Azersun şirkətlər qrupunun Marketinq Şöbə müdiri Şəmsi Bayram-zadə iş axtaranlara ilk baxışdan sadə görünən lakin real nəticə verən effektli yollar barədə fikirlərini bölüşür.

Sizcə ən yaxşı iş axtarma taktikaları hansılardır?

Əmək bazarı-ifadəsi çox az işləndiyindən əməyin bazarı olduğunu çox vaxt unuduruq. Ona görə də biz çox vaxt iş təklif edən mövqeyində dayanırıq və elə bilirik ki, özümüzü doğru təqdim etsək işsiz qalmarıq. Amma bazar tələb və təklifdən formalaşır. Mən iş bazarında iş tapmağın ən yaxşı yolunu tələblərə uyğun kadr olmaqda görürəm. Elə bir kadr olmaq lazımdır ki, iş səni tələb eləsin, sən işə özünü təklif etməyəsən. Bunun üçün isə, olduğunuz sektorun inkişaf trendinə baxmaq, minimal tələblərin üzərində bacarıq və biliklərə sahib olmaq və hələ tələbə vaxtında çox yaxşı ünsiyyətcil olub insanlara güvəniləcək biri olduğunuzu göstərmək lazımdır ki, insanlar sizin etibarlı və bacarıqlı insan olduğunuza inansın.

Uğur əldə etmək üçün iş axtaranlar ən əsas hansı bacarıqlara sahib olmalıdır?

İş axtaranlar uğur əldə etmələri üçün hər şeydən öncə özünəinamlı olmalı, əksik və üstün cəhətlərini bilməli və ən əsası nə istədəyindən tam əmin olmalıdır.

İşə qəbul edənlər çox zaman qarşı tərəfdə özünə inamın olmasını istəyir, çünki bu tip insanlarla işləmək rahat və effektlidir. Onlar nə istədiklərini bildikləri üçün, qarşılaşacaqları problemlərin həllindən əldə edəcəkləri faydanı da əvvəlcədən görürlər. Əksikliklərinizi müəyyən edə bilirsinizsə o zaman inkişafı sevən bir insan təəssüratı yaradırsınız. Düzdür bəzi insanlar çatışmazlıqlarını bilsə belə heç nə eləmir, bu tip insanlar sadəcə nə istədiklərini təyin etməyənlərdir.

Hər üç özəlliyin olması, sizə istənilən bacarığı və ya biliyi tam mənimsəmənizə imkan verəcək.

Bəs şirkətlər yeni məzun olanlarda ən çox hansı bacarıqları görmək istəyir?

Universiteti bitirən və əmək bazarına daxil olan hər şəxsdə mütləq aşağıdakı cəhətlər olmalıdır:

– Nə istədiyindən əminlik hissi (artıq bu bir bacarıqdır, çünki cəmiyyətin bu sahədə ciddi boşluğu var)

– Etibarlı kadr olduğunu göstərmək qabiliyyəti.Çünki bacarığı və bilikləri az olan biri üçün ən önəmli məsələ onun etibarlı bir şəxs olmasıdır. İşə qəbul edən, əmin olmalıdır ki, bu şəxslə uzun yol getmək olar

– Peşə bacarıqları olmasa da, ən azından bəhs etdiyi mövzuya hakim olduğunu göstərməlidir

– Peşəsi ilə bağlı dünya görüşü zəngin olmalıdır

– Və ən əsası neçə il təhsil aldığı universitetindən hansı mövzuları ciddi şəkildə öyrəndiyini nümayiş etdirə bilməlidir

İş axtaran gənclərlə hansı ən çox sevdiyiniz həvəsləndirici deyimi bölüşmək istərdiniz?

Daha çox “Just do it” kimi eşitdiyimiz “Sadəcə başla” deyimi insanı cəsarətli olmağa həvəsləndirir.

Şərh bildirin